Aktual Müxtəlif Namaz Ramazan ayı

Nafilə namazlar haqqında məlumat

«De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. (Ali İmran, 31)

Rəhimli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Müsəlmanın gündəlik olaraq fikir verməli olduğu əməllərdən biri də Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) sünnəsinə əməl etməsidir. Müsəlman danışığında, hərəkətlərində, Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) qadağan etdiklərindən çəkindikdə, əmr etdiklərini yerinə yetirdikdə, hətta susduqda belə Peyğəmbərə (Allahın ona salavatı və salamı olsun) tabe olmalıdır. Bu Allahın sevgisini qazanmaq və günahların bağışlanması üçün ən gözəl və ən böyük amillərdən biridir. Uca Allah buyurur:

«De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir.» (Ali-İmran, 31)

Hansı müsəlman sünnələrə əməl etməyini artırarsa Allah dərgahında  onun dərəcəsi artar.

Sünnələrə əməl etməyin bir çox faydaları vardır:

1. Allahın məhəbbətini qazanmaq üçün ən böyük səbəblərdəndir

2. Fərzlərdə olan naqislikləri tamamlayır

3. Bidətdən uzaq düşməkdən qoruyur

4. Allahın ayinlərini əzəmətləşdirir

5. Qiyamət günü Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) şəfaətini qazanmaq üçün səbəbdir

6. Cənnətə düşməyə güclü kömək olur

7. Cənnətdə Peyğəmbərə yaxın olmağa səbəbdir

8. Cənnətdə dərəcəni artırır

Nafilə (sünnə) namazları, fərz namazlarının nöqsanlarını tamamlaması üçün vacib buyurlmuşdur. Çünki namazdakı fəzilət, digər heç bir ibadətdə yoxdur. Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə buyurur: «İnsanların, qiyamət günü əməllərindən ilk hesaba çəkiləcəkləri şey namazdır. Rəbbim mələklərə, -Özü ən yaxşısını bildiyi halda- «qulumun namazına baxın, onu tamamladımı, yoxsa noqsanlı etdi?! Əgər tamamlamışsa savabı tam olaraq yazılıb. Əgər namazında nöqsan buraxmışsa qulumun nafilələrinə (sünnət namazlarına) baxın. Əgər nafiləsi varsa fərzlərini nafilə (sünnə) ilə tamamlayın» deyər. Sonra digər əməllər hesaba çəkilər.» (Hədisi Əbu Davud rəvayət etmişdir).

 Əbu Umamədən (Allah ondan razı olsun) rəvayət edilən hədisdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə buyurmuşdur : «Qulun qıldığı iki rükət namazından daha fəzilətli bir şeyə Allah izn verməmişdir. Qul namazda olduqca başının üzərinə yaxşılıqlar saçılıb durar.» (Hədisin davamı vardır, hədisi Əhməd, Tirmizi rəvayət etmişdir. Suyuti isə səhihləmişdir)

Malik Muvatta (Allah ondan razı olsun) əsərində «mənə gələn xəbərə görə Rəsulallah (Allahın ona salavat və salamı olsun) belə buyurmuşdur: «Doğru olun. Mükafatınız hesabsız olaraq veriləcəkdir. Biliniz ki, əməllərin ən xeyirlisi namazdır. Dəstəmaza mömindən başqası davam etməz.» (Hədisi Muslim rəvayət etmişdir)

Rəbia ibn Malik əl Əsləmidən (Allah ondan razı olsun) rəvayət edilir ki: «Rəsulallah (Allahın ona salavat və salamı olsun) mənə «məndən nə istəyirsən istə» buyurdu. Mən də «Cənnətdə səninlə bərabər olmağı istəyirəm» dedim. Rəsulallah(Allahın ona salavat və salamı olsun) «bundan başqa bir şey istəmirsən?» dedi. «Xeyr, bunu istəyirəm» dedim. Rəsulallah (Allahın ona salavat və salamı olsun) «Elə isə çox səcdə etmək (namaz qılmaq) surətilə özün üçün mənə köməkçi ol» deyə buyurdu.» (Muslim, Salət 43)

Sünnə namazların evdə qılınmalarının müstəhəb olması

Əhməd və Muslimin Cabirdən (Allah ondan razı olsun) rəvayət etdikləri hədisdə Rəsulallah (Allahın ona salavat və salamı olsun) belə buyurdu : «Sizdən biriniz məsciddə namazı qıldığı zaman evi üçün də namazlardan bir payı ayırsın. Həqiqətən Allah, evdə qıldığı namazına görə evinə xeyir edər.» (Muslim, İbn Macə)

Əhməd ibn Hənbəl Ömərdən (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Rəsulallah (Allahın ona salavat və salamı olsun) belə buyurdu : «İnsan evində qıldığı sünnə namaz bir nurdur. İstəyən evini nurlandırsın.»

 Abdullah ibn Ömərdən (Allah ondan razı olsun) rəayət edilən hədisdə Rəsulallah (Allahın ona salavat və salamı olsun) belə buyurdu : «Namazlarınızdan bəzilərini evlərinizdə qılın. Evlərinizi qəbirlərə çevirməyin.» (Hədisi Əhməd, Əbu Davud rəvayət etmişdir)

Sünnə namazlarında rükətin çoxluğu deyil, qiyamın uzunluğu daha fəzilətlidir.

 Buxari, Muslim, Tirmizi, Nəsai və ibn Macə, Muğirə ibn Şubədən rəvayət etdiklərinə görə, Muğirə (Allah ondan razı olsun) demişdir ki : «Rəsulallah (Allahın ona salavat və salamı olsun) namaza qalxdığında ayaqları və topquları keyiyənəcən namaz qılardı. «Niyə belə edirsən?» deyə soruşanda «Şükr edən bir qul olmayımmı?» deyərdi.»

 Əbu Davud Abdullah ibn Hubşi əl Hasamidən rəvayət etdiyi bir hədisə görə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) “Hansı əməl daha fəzilətlidir?” deyə soruşulunca, Rəsulallah (Alalhın ona salavat və salamı olsun): «Namazda qiyamı uzatmaqdır» —  buyurdu.

Gün ərzində qılına biləcək nafilə namazlar.

 İbn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) on rükət namaz qıldığını yadımda saxılamışam: «Zöhrdən öncə iki, sonra iki, Məğribdən sonra iki, İşadan sonra iki, Sübhdən öncə iki rükət.» (Buxari 1181)

Sübh namazının sünnəti

Aişənin (Allah ondan razı olsun) sübh namazından əvvəlki iki rükət haqqında etdiyi rəvayətdə Rəsulallah (Allahın ona salavat və salamı olsun) buyurmuşdur : «O iki rükət mənə bütün dünyadan daha sevimlidir.» (Hədisi Muslim, Əhməd, Tirmizi rəvayət etmişdir)

 Həmçinin Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Rəsulallah (Allahın ona salavat və salamı olsun) belə buyurmuşdur : «Atlar sizi qovsa belə sabahın iki rükətini tərk etməyin.» (Hədisi Əhməd, Əbu Davud, Beyhaki, Tahavi rəvayət etmişdir)

Hədisin mənası, üzrü nə qədər şiddətli olursa olsun, istərsə düşmən qovsun, sübhün iki rükətini tərk etməməyiniz deməkdir.

 Aişə (Allah ondan razı olsun) belə deyir : «Rəsulallah (Allahın ona salavat və salamı olsun) sübhdən əvvəl iki rükətə davam etdiyi qədər heç bir sünnətə davam etməmişdir.» (Hədisi Buxari, Muslm, Əhməd və Əbu Davud rəvayət etmişdir)

Nəticə: Sübh namazında öncə iki rükət sünnə namazı vardır.

Duha namazı

Rasulallah (Allahın ona salavat və salamı olsun) buyurur: «Kim sübhü qılar və günəş bir dirsək və ya bir nizə qalxanadək zikr edər, sonra iki rükət duha namazı qılarsa, o insan elə bil ki, ümrə ziyarət etmişdir.»

Peyğəmbər (Alalhın ona salavat və salamı olsun) buyurur: «İnsanları yaxşı yola çəkmək bir sədəqə, pis yoldan çəkindirmək bir sədəqə, əlhəmdulilləh demək bir sədəqə, Allahu Əkbər demək bir sədəqə, lə iləhə illallah demək bir sədəqədir. İstəyirsiz deyim bunların hamsını nə əvəz edir? Dedilər: «De, ya Rasulullah.» «Duha namazı».»

Nəticə: Duha namazı gün çıxandan təqribən 15 dəqiqədən sonra zöhr namazına təqribən 40 dəqiqə qalmışa qədər qılına bilər. 2 rükətdən 8 rükətə qədər (2+2+2+2) qılınır.

Zöhr namazının sünnəti

Aişə (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Allahın ona salavat və salamı olsun) zöhrdən öncə dörd və sübhdən öncə iki rükət namazı tərk etməzdi.» (Buxari 1182)

Nəticə: Zöhr namazından əvvəl 4 rükət (2+2) və sonra 2 rükət namaz vardır.

Əsr namazının sünnəti

İbn Ömərdən (Allah ondan razı olsun) rəvayət olunur ki, Allahın elçisi (Allahın ona salavatı və salamı olsun) demişdir: «Əsr namazından əvvəl dörd rükət sünnət namazı qılan kəslərin üzərinə Allahın rəhmi olsun!» (Əhməd 2/117, Əbu Davud 1271, ət-Tirmizi 430)

Beləliklə, bu hədis əsr namazından əvvəl dörd rükət sünnət namazının qılınmasına təşviq edən əsaslı bir dəlildir.

Bir çox imamlar bu namazı, fərz namazlarından əvvəl və sonra qılınan “əs-Sünnət ər-Rəvatib”adlandırılan nafilə namazlarına daxil etmirlər. Buna səbəb kimi onlar bəyan edirlər ki, bu hədisi rəvayət edən İbn Ömər (Allah ondan razı olsun!), Allahın elçisinin (Allahın ona salavatı və salamı olsun!) fərz namazlarından əvvəl və sonra qıldığı sünnət namazlarına dair gətirdiyi hədisdə bu namazın adını çəkmir.

Bu dəlil barəsində Şeyx İbn əl-Qayyim demişdir: “İbn Ömər ona məlum olan və Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) qıldığı nafilə namazları haqqinda xəbər verib. Buna görə də bu hədislər arasında heç bir ixtilaf yoxdur.” (Bax: Zə`adul-məəd 1/312.)

İmam əş-Şövkani deyib: “Bu hədis, rəhm olunması üçün Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) dua etdiyi kəslərdən olmaqdan ötrü, əsrdən əvvəl dörd rükət nafilə namazının bəyənilən olduğunu göstərir”. (1/ 197, habelə, Aunul-məbud 4/149.)

İmam əl-Munavi deyib: “İmam əl-Qəzali rəvayət edib: “Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) Allahdan rəhm dilədiyi kəslərin sırasında olmaq üçün, bu dörd rükətin qılınması bəyəniləndir. Həqiəqətən də onun duası cavabsız qalmır”. (Bax: Faydul – Qadir 4424.)

Nəticə: Əsr namazından öncə 4 (2+2) rükət namaz qılmaq bəyniləndir.

Məğrib namazının sünnəti

İbn Məsud (Allah ondan razı olsun) deyir: «Peyğəmbər (Alalhın ona salavat və salamı olsun) çox vaxt Məğribdən sonra və Sübhdən öncə qıldığı iki rükət namazda  «qul yə əyyuhəl kəfirun» və «qul huvə Allahu əhəd surəsini oxuyardı.» (Səhih Sünən Tirmizi 335)

Nəticə: Məğrib namazından sonra 2 rükət sünnə namazı qılınır.

İşa namazının sünnəti

İbn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) on rükət namaz qıldığını yadımda saxılamışam: Zöhrdən öncə iki, sonra iki, Məğribdən sonra iki, İşadan sonra iki, Sübhdən öncə iki rükət». (Buxari 1181)

Nəticə: İşa namazından sonra iki rükət sünnə qılınır.

Umumiyyətlə müsəlman çalışmalıdır ki, bu on iki rükət sünnəti tərk etməsin. On iki rükət bunlardır: sübhdən əvvəl iki, zöhrdən əvvəl dörd sonra iki, əsrdə yoxdur, məğribdən sonra iki və işadan sonra iki rükət.

Vitr namazı

Vitr namazı təkidlə buyurulan sünnədir. Əbu Hureyra (Alalh ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyini rəvayət edir: «Həqiqətən Allah vitrdir (təkdir) Vitri sevər.» (Buxari 6410)

Aişə (Allah ondan razı olsun) deyir: «Peyğəmbər (Allahın ona salavat və salamı olsun) vitr namazını gecənin ilk, orta və axır vaxtlarında qılardı.» (Muslim 745)

Əbu Qatadə (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər  (Allahın ona salavat və salamı olsun) Əbu Bəkrə  (Allah ondan razı olsun) belə dedi: “Vitri nə vaxt qılırsan?” Əbu Bəkr dedi: “Yatmadan öncə”. Sonra Ömərə  (Allah ondan razı  olsun) dedi:  “Vitri nə vaxt qılırsan?” Ömər  (Allah ondan razıolsun) dedi: “Yatıram sonra durub qılıram”. (Səhih ibn Macə, 998)

Vitr namazların sonuncusudur. Gecənin sonunda ibadət üçün oyanacağına əmin olmayan kimsənin vitri gecənin ilk vaxtında qılması daha yaxşıdır. Eləcə də gecənin sonunda oyanacağına əmin olan kimsənin vitri gecənin son vaxtında qılması daha yaxşıdır.

Gecə namazı qılan kəs onu iki — iki qılır (2+2+2+2+2+1). Sonda is bir rükət vitr qılır. İbn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyini rəvayət edir: «Gecə namazı iki iki qılınır. Əgər Sübh vaxtının başlamasından ehtiyat etsəniz onda vitri bir rükət qılın. Beləliklə qıldığınız namazları vitrlə bitirmiş olarsınız.» (Buxari 990)

Qeyd: Əgər bir kəs vitr namazın qılıb yatarsa və gecə yarısı oyanarsa, gecə namazı qılarsa o zaman vitri qılmamalıdır. Əgər bir kəs gecə duracağına əmin olduğu üçün vitri qılmamış yatarsa, amma sübh namazı vaxtı daxil olandan sonra oyanarsa o zaman sübh namazının vaxtı təzə girdiyi halda sübh namazını qılmamışdam öncə bir rükət vitri qılır. Yox əgər oyanarkən sübh namazını vaxtı çoxdan daxil olmuşsa o zaman günün cıxmasını gözləməlidir və sonra vitri bir deyil, iki rükət qılmalıdır.

Nəticə: Vitr namazı bir rükətdir.

Bunlardan başqa digər əlavə namazlar da vardır.

Belə ki hər bir azan və iqamə arasında namaz vardır.

Abdullah ibn Muğaffəl (Allah ondan razı olsun) Peyğəmbərin belə dediyini rəvayət edir: «Hər bir azan və iqamə arasında namaz vardır. Hər bir azan və iqamə arasında namaz vardır». Üçüncüsündə isə dedi ki, «Bu istəyənlər üçündür.» (Buxari 627)

Həmçinin hər dəstamazan sonra iki rükət namaz vardır.

Bureydə (Allah ondan razı olsun) deyir ki, bir gün səhər Peyğəmbər (Allahın ona salavat və salamı olsun) oyanıb Bilalı çağırdı və dedi: «Ey Bilal, sən hansı əməl ilə məndən öncə Cənnətə girmisən? Çünki mən dünən Cənnətə daxil olduqda sənin ayaq səslərini eşitmişəm?» Bilal dedi: “Ey Allahın elçisi, mən hər azan verdikdə dəstəmaz alır və iki rükət namaz qılıram.” Peyğəmbər (Alalhın ona salavat və salamı olsun) dedi: «Demək buna görə.»

Əziz bacı və qardaşlarım, gəlin Ramazan ayını fürsət bilib tərk etdiyimiz nafilə namazlarımızı bərpa etməyə çalışaq!

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Mənbə: fəqih.com heyəti

Leave a Comment