Uşaqlar üçün

Uşaqlar yatmayanda — Kəbə və Fillər

Qoy Allah bizi sevdiklərimizlə birlikdə Öz dostlarından etsin. Amin!

Rəhmli və Mərhəmətli Allahin adi ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Əziz balaca müsəlman, yəqin ki, valideynlərin sənə hər il müsəlmanların Həcc ziyarətinə getdikləri Məkkə şəhərində yerləşən müqəddəs Kəbə haqqında danışıblar.
Bəs sən nəhəng fillərin zalım sahiblərinin bu Allah Evini necə dağıtmaq istəmələri haqqında hekayəti bilirsənmi?

Uzun, uzun illər bundan əvvəl, Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) anadan olmamışdan bir müddət öncə zalım Ərbəhə, ərəblərdən intiqam almaq üçün ən güclü sərkərdə və döyüşçülərdən ibarət bir ordu toplayaraq, müqəddəs Kəbəni yerlə yeksan etmək qərarına gəldi. Ordusunun əsas güc mənbəyi isə başda Mahmud adlı fil olmaqla misli görünməmiş nəhənglikləri ilə görənləri dəhşətə salan fillər idi. Dodağında çapıq olduğu üçün “dodağıyarıq Ərbəhə” deyə çağırılan bu zalım, özləri ilə götürdükləri qalın zəncirlərin bir ucunu Kəbənin dirəklərinə, o biri ucunu isə fillərin boynuna salaraq oranı məhv etmək fikrində idi.

Bu minvalla, qoşun yerindən tərpənərək yürüşə çıxdı. Qarşılarına çıxanları talan edir, insanları əsir götürürdülər.

Məkkə ərəbləri müşrik idilər, müxtəlif bütlərə sitayiş edərək onlar vasitəsilə Allaha yaxınlaşdıqlarını güman edir və beləliklə də özləri özlərini ən böyük zülmə- şirkə məruz qoyurdular. Lakin bununla yanaşı onlar əsas ilah kimi kainatın Yaradıcısının Allah olduğunu qəbul edir, Kəbənin Allah evi olduğunu bilirdilər. Oraya xətər toxundurmağın haramlığından xəbərdardılar. Məhz bu səbəbdən, Ərbəhənin qoşunu artıq Məkkəyə yaxınlaşanda başda Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) əmisi AbdulMutallib olmaqla, Kəbəni qoruyan ərəblər var-dövlətlərinin üçdə birinin əvəzində oraya toxunmamağı təklif etdilər. Amma təkəbbürlü Ərbəhə bu təklifə razı olmayaraq, Kəbəni məhv etmək qərarında inadla durdu. Vəziyyəti belə görən ərəblər anlayırdılar ki, güclü qoşunun qarşısında tab gətirə bilməzlər. Ona görə də Kəbənin qapısının halqasından yapışaraq, Allahdan düşməni məğlub etməsi barədə dua etdikdən sonra, qorunmaq məqsədi ilə Hira dağına və ətrafdakı təpələrə çəkildilər.

Qoşun hazır vəziyyətə gəlmişdi. Mahmud adlı fil isə qəzəbləndirib Məkkəyə tərəf yönəltmək üçün qarnının altından ucu əyri əsalarla vurub qanatmaqlarına baxmayaraq, yerindən tərpənmək bilmirdi. Onlar Allahın qəzəbindən qorxmasalar da, dilsiz-ağızsız heyvan Yəmən istiqamətinə, Şama, Şərqə rahatlıqla dönsə də, heç cür Məkkə tərəfə yönəlmir, yerə çöküb səs salmağa başlayırdı. Vəziyyəti belə görüb təbdən çıxan Ərbəhə heyvanın baxıcısına qəzəblənərək, çığırmağa başladı. Onlar bu halda ikən Uca Allah dəniz tərəfdən Əbabil quşlarını göndərdi. Göyərçindən bir az balaca olan, qağayıya bənzər bu quşların bədəni yaşıl, dimdikləri isə sarı rəngdə idi. Hər birində üç ədəd daş var idi: ikisi qırmızı ayaqlarında, biri isə dimdiyində. Ölçücə daşlar mərci dənəsi boyda olsalar da möhkəm idilər, hara, kimə dəyirdisə, deşib keçirdi.

Quşlar ordunun başı üzərində halqavarı toplandıqdan sonra daşları aşağı atmağa başladılar. Uca Allah zalımların cəzasını artırmaq üçün külək də göndərdi. Beləliklə daşların dəydiyi kəslərin əksəriyyəti yerindəcə keçinir, digərləri isə ağır yaralanaraq, müxtəlif tərəflərə qaçaraq, canlarını qurtarmağa çalışırdılar. Lakin burda da məhv edilirdilər. Çox az insan yaralı şəkildə ordan uzaqlaşa bildi. Amma onlara da başqa bir bəla ürcah olmuşdu, bədənlərindəki ət hissə-hissə tökülürdü. Belələrinin içində Ərbəhə də vardı. Deyilənlərə görə başını götürüb vətəninə çatdıqda, quş balası boyda qalmışdı. Olanları danışdıqdan sonra ürəyi sinəsində yarılaraq, canını tapşırdı.

Bu əhvalatla bağlı Uca Allah Qurani Kərimdə “Fil”surəsini nazil etdi.

Balaca müsəlman, danışdığım hekayətdə şübhəsiz ki, bir çox hikmətlər var. İnşaAllah, düşündükcə, yaşa dolduqca daha yaxşı dərk edəcəksən. Onlardan ən başlıcası isə Şəriki olmayan Rəbbimizin sevdiklərini heç vaxt darda qoymaması, köməyinə yetməsi, onları hifz etməsidir.
Allahın sevdiyi kəslərdən olmaq üçünsə Onun razı qaldığı əməlləri etmək, qadağalarından çəkinib, əmr etdiklərinə riayət etmək lazımdır.
Qoy Allah bizi sevdiklərimizlə birlikdə Öz dostlarından etsin. Amin!

İbn Kəsirin təfsiri əsasında hazırlanmışdır.

Hazırladı: Ummu Abdul-Aziz

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha