Ailə və Uşaq tərbiyəsi

Ailə səadəti

Nə olursa olsun problemləri şəriət tərəzisi ilə ölçmək və həll etmək lazımdır. Bunun üçün nə psixoloqa , nə valideynlərə ailə sirrlərini söyləməyə ehtiyac yoxdur.

Rəhimli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

İnsanın harada olmasından asılı olmayaraq ən çox rahatlıq tapa bildiyi bir məkan vadır. Evi , Ailəsi. İnsan unutqan olduğu üçün subaylıq və təklik günlərində ailə haqqında necə planlar qurduğunu, ailəsi olduqdan sonra necə xoşbəxt ola biləcəyini düşündüyünü də tez unudur. Bəs bu nə zaman baş verir? Təbii ki,nemətə çatdıqdan sonra. Ailəsi olduqdan sonra. Ailə qurmaq istəyən qardaş, ailə qurmaq istəyən bacı, Allahın qədəri ilə dul qalmış qardaş və ya dul qalmış bacı bir ailəm olsa, mənim də öz yuvam olsa onu qoruyar, dinimi rahat yaşayar, övladlar dünyaya gətirib Axirətimin gözəl olmasına vəsilə kimi yetişdirərdim deyə, dua edər. Bu nemətə çatdıqdan sonra… Tək qaldığı, ailəsiz və yuvasız olduğu günləri unudar. Ailə sədadətinin qədrini bilməz. Bəlkə bu qardaş və ya bacımız ailə sədadətinə çatmanın və ya onu qorumanın yollarını, ailədə necə davranmaq qaydalarını daima oxusa və tətbiq etsə buna nail olar:

1. Hər bir xırdalıq və ya incəlikləri araşdırmaqdan çəkin

2. Hər zaman münaqişələri dar çərçivədə saxlamağa cəhd et. Onu genişlənməyə qoyma. Əlindən itmədən öncə problemə sən hakim ol.

3. Bil ki, yersiz şək-şübhə düşmənlərdir. Zənn və ehtimallardan çəkin.

4. Ailə həyatının böyük bir nemət olduğu barədə düşün. Buna görə də bir iş görmədən öncə dəfələrlə düşün. Sonun peşmançılıq ola biləcək bir addım atma.

5. Ailədə sevgi, nə qədər də mühüm və zəruri olsa belə,yalnız sevgiyə güvənmə.

6. Həyat yoldaşına özünü bir örnək kimi göstər. Şəxsiyyətindən xəbər verən hərəkətləri tərk et.

7. Qohum-qonşunun  işlərinizə qarışmalarına imkan vermə. Bacardıqca arada olan problemi özünüz həll etməyə çalışın.

8. Yoldaşından gördüyün xətaları düzəltmək üçün tələsmə. Bəzi xarakterlər vardır ki, onlar uzun müddətdən sonra düzəlirlər. Buna görə də, kiçik bir məsləni şişirtmə.

9. Evlilikdən sonrakı məsuliyyətləri və çətinlikləri rahat qəlblə qəbul et.

10. Yoldaşını pərt edəcək və aranızda ixtilafa səbəb ola biləcək şeylərdən bacardığın qədər çəkin.

11. Yoldaşınla müştərək faydalı  işlər görməyə çalış. Bu sizin xatirənizdə xoş bir an kimi qalar və aranızdakı məhəbbəti daha da artırar.

12. Yoldaşına öz məharətini göstərməsi, nəfsində olanları həyata keçirməsi üçün fürsət ver və onun etdiklərini məsxərəyə qoyma.

13. Maddi hüquqlara ehtiram et, bu işdə səhlənkarlığa yol vermə. Çünki bu, ailədə olan problemlərin ən böyük səbəblərindəndir.

14. Yoldaşını kədərlərində özünə şərik etmə. Çalış ki, yalnız özün bunları həll edəsən. Amma sevinc anlarında onu özünə şərik etməyi unutma.

15.  Öyüd-nəsihət libasına girmiş dostların şəxsi həyata qarışmalarından çəkin.

16. Yoldaşına, sənin əlaqə qurmaq istədiyin ən yüksək şəxsiyyət olduğunu, onunla və onun şəxsiyyəti ilə fəxr etdiyini  bildir.

17. Aranızda ixtilaf baş verdikdə, yoldaşının yaxşılıqlarını xatırla. Etdiyi pisliklər sənin ağlını bürüyərək, onun etdiyi yaxşılıqları ört-basdır etməsin.

18. Həyat yoldaşının üstünlüklərini bilmək və problemləri uğurla həll etmək üçün öz nəfsindən bu sualları soruş:
• Bir-birimizdə xoşladığınız xarakterlər hansılardır?
• Sizinlə rastlaşan ən səadətli işləri fikirləş!
• Həqiqi olaraq xoşunuza gələn müştərək iş hansıdır?
• Sizlərdən biriniz o birisinə xidmət üçün nə edir?
• Həyat yoldaşından səni sevməsini və ehtiram etməsini bilmək üçün nə gözləyirsən?
• Gələcək üçün müştərək xəyallarınız hansılardır?

19.  Aranızda ixtilaf baş verdiyi zaman öz yoldaşını itirmək istəmirsənsə, nəlayiq sözlər söyləməkdən çəkin!

20. Hədiyyə edin və sevilin!!! Şüarı sizin xoş və gözəl günlərinizdə həyatınızın bir rəmzi olsun.

21. Mənim hesabıma, mən olmasaydım və.s bu kimi sözlərdən çəkin. Bu ifadələr  şeytanın sözləridir. O, bu sözlərlə ixtilaf zamanı hər ikinizin qəlbinə kin-küdurət salaraq, sizi biri-birinizi başa düşməkdən çəkindər.

22. Ailədə problem baş verdikdə evdən qaçmaqdan çəkin. Qaçmaq, problemi həll etməyin yolu deyil. Bir az sakitləşərək yenidən problemi həll et.

23. Sənə aid olmayan suallarla və ya sənə söyləmək istəmədiyi sirləri öyrənmək üçün ərini sıxışdırma! Əgər belə etsən, bu zaman ərin evi tərk edər və dinlənmək üçün başqa bir yerə gedər.

24. Özün üçün tənhalıq seçərək qarşı tərəfdən uzaqlaşma, bacardığın qədər onunla birlikdə ol!

25. Ailədə üzərinə düşən vacibləri nə baş verməsindən asılı olmayaraq yerinə yetirməyə çalış!

26. Qarşı tərəfin qohumları ilə xoş rəftar et. Xoş üzlü, qonaqpərvər olmağa çalış!

27. Hər zaman fikri ixtilaf etmək çox zamanlar qəlblərin ixtilafına gətirib çıxarır. Qane olmasan belə, həyat yoldaşınla razılaş. Bil ki itaət Allaha qeyri asilikdədir.

28. Evində həqiqi mənada huzur, rahatlıq abu havası yaratmağa çalış.

29. Övladların böyük nemətdir. Onları, pis tərbiyə və saymamazlıq nəticəsində öz başına bəla etmə!

30. Ey qadın! Uşağın böyümə prossesi haqqında oxu. Bununla da övladınla  edəcəyin rəftar gözəl olsun və onun nəfsinə, şəxsiyyətinə mənfi təsir edəcək şeylərdən çəkin.

31. Həyat yoldaşına Allaha itaət etməkdə köməkçi ol! Dünyanı istədiyin kimi Axirəti də istə!

32. Allah israf edənləri sevməz. İsrafçılıqdan uzaq ol.

33. Sənin ailə səadətin sizin həyatınızın problemsiz olması deyildir. Əksinə, bu sizin problemləri həll etməyə qadir olmanız, bu problemlərin sizin həyatınıza təsir etməməsinə çalışmanızdır.

34. Uşaqların önündə həyat yoldaşınla ixtilaf etməkdən və ya səsini qaldırmaqdan çəkin. Çünki övladlarınız, hər şeydən öncə sizi örnək götürərək və ya sizə təqlid edərək öyrənirlər.

35. Ailə sirrlərini heç bir kəsə açma.

Ey ailə  nemətinə qovuşmuş bacım və qardaşım, bu yolları və üsulları sonsuz qədər artırmaq olar əslində. Nə olursa olsun problemləri şəriət tərəzisi ilə ölçmək və həll etmək lazımdır. Bunun üçün nə psixoloqa , nə valideynlərə ailə sirrlərini söyləməyə ehtiyac yoxdur. Ailədə səadətin itməsi təhlükəsi yaranana qədər isə Rəbbinə itaət , haramlardan və günahlardan uzaq olmaq qanunlarını bərqərar et. Ailəni şəriət çərçivəsinə sal! Bir də nutma ki hər bir insan bu dünyada müsafirdir. Səfərdə olduğu zaman narahat olub öz evini arzuladığı,ən rahat məkan evi olduğu halda belə o, yenə də müsafirdir. Çünki insanı gözləyən əbədi qalacağı məkan vardır… Qəlbimizi Axirətə elə bağlamalıyıq  ki, hətta huzur dolu evimizdə belə özümüzü müsafir hiss edib Axirətdə ev qurmağa çalışaq. Bu da elə, səadətin açarı olar…

Hazırladı: Feqihcom heyəti

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment